Arı xəstəlikləri üzrə monitorinqlər həyata keçirilir
20 May 2025 16:12




İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlər davam etdirilir.
Monitorinqlər zamanı arıxanalara klinik baxış keçirilib, diaqnostik nümunələr götürülərək akarapidoz, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, bal arılarının tropilelap gənələri və varroatoz xəstəliklərinə görə seroloji müayinələr aparılıb.
2024-ci ildə respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə şübhəli hallar aşkarlanmayıb.
2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə-Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəlik olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib.
Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçirilib və qanunvericiliyin tələbləri izah olunub.
Oxşar xəbərlər

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında iyunun 19-u saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya +994704050185 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2100 kq yodlaşdırılmış duz məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” təsdiq edilib
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu texniki normativ hüquqi akt respublika ərazisində istehsal edilən, emal edilən və ya idxal edilən ağıllı və aktiv material və məmulatlar da daxil olmaqla, Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilmiş material və məmulatlara dair tələbləri müəyyən edir. Müəyyən edilən tələblər qida məhsulunun bir hissəsini təşkil edən və onunla birlikdə istehlak edilə bilən, pendir qabıqları, istehlaka hazır ət məhsullarının və ya meyvələrin üzərində olan örtük materiallarına şamil olunmur. Sənəddə qida məhsulları ilə təmasda olan material və məmulatlara dair ümumi tələblər, aktiv və ağıllı, kağız əsaslı, metal əsaslı, şüşə material və məmulatlara dair xüsusi tələblər, etiketlənmə tələbləri və bu material və məmulatlara dair məhdudiyyətlər öz əksini tapıb. Qida ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli və qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır. Qeyd edək ki, “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari
