
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar "Elm fəaliyyətdədir" şüarı altında beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlarla yanaşı, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, mütəxəssislər, ekspertlər təmsil olunublar. Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib: “Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdiriblər” – sitatın sonu. ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını və tezliklə Heyvan Elmləri üzrə bakalavr proqramının təqdim olunacağını qeyd edib. Elkin Nurməmmədov ADA Universitetinin kənd təsərrüfatı və qida sektorlarında innovasiyanı, tətbiqi təhsili və praktiki əməkdaşlığı təşviq etmək məqsədilə universitet–sənaye tərəfdaşlıqlarının gücləndirilməsinə sadiqliyini vurğulayıb. Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib. Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub. Qeyd edək ki, konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. Jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-i isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək. “Azmeat” müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Vurğulanıb ki, işçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına baxış keçirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında iyunun 5-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qurban bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it,pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov", “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı arıxanalara klinik baxış keçirilib, diaqnostik nümunələr götürülərək akarapidoz, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, bal arılarının tropilelap gənələri və varroatoz xəstəliklərinə görə seroloji müayinələr aparılıb. 2024-ci ildə respublikanın 52 şəhər və rayonuna aid 151 kənd və qəsəbəsində 563 arıçılıq təsərrüfatında mövcud olan 11540 arı ailəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində xəstəlik və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. 2025-ci ilin fevral-aprel ayları ərzində isə aparılan monitorinqlər zamanı Gəncə-Daşkəsən iqtisadi rayonunda 55 nümunədə, Şəki-Zaqatala iqtisadi rayonunda isə 14 nümunədə parazitar xəstəlik olan nozematoz xəstəliyinin törədicisinə rast gəlinib. Monitorinqlər çərçivəsində təsərrüfat sahiblərinə aidiyyəti təlimatlar verilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçirilib və qanunvericiliyin tələbləri izah olunub.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 22-si saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq imkanlarına, o cümlədən birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə bitki və heyvan sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülür. Bu çərçivədə Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunan xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən, eyni zamanda yüksək patogenli quş qripi xəstəliyindən azad olma statusu əldə edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi ölkəmizdə bitki sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan mühüm addımlardan biridir. Q.Təhməzli eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, son illərdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması birgə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Latviyanın yüksək riskli məhsul ixrac edən 2 qida obyekti AQTA tərəfindən təsdiq olunub. Agentliyin Kollegiyasının qərarı ilə Latviyanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyi tanınıb. Ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracı genişləndirilib, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq imkanları daha da artıb. Eyni zamanda Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi barədə razılıq əldə edilib. Təcrübə mübadiləsi nəticəsində məntəqədə idxal və ixrac əməliyyatları zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı tədbirlər, prosedurlar və qərar qəbuletmə mexanizmləri daha da optimallaşdırılacaq. Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BİOR) ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları ilə yaxından tanış olub. Qonaqlara laboratoriyalarda aparılan müayinələr, səriştəlilik sınaqları və digər elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Mayın 13-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri öz işinə başlayıb. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) sərgiləri fəal şəkildə dəstəkləyirlər. AQTA sədri Qoşqar Təhməzli “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin açılış mərasimində çıxış edib. Q.Təhməzli diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Qida təhlükəsizliyi sisteminin hüquqi bazasının beynəlxalq təcrübəyə uyğun formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini və həmin Qanunun icrasından irəli gələrək 15 qaydanın təsdiq olunduğunu və uyğunlaşdırma çərçivəsində 79 sayda normativ hüquqi akta dəyişikliklər edildiyini bildirən AQTA sədri əlavə edib ki, ötən dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə sanitar norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentliyin Kollegiyasının Qərarı ilə 24 sayda texniki normativ hüquqi akt qəbul edilib. Q.Təhməzli “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlandığını sərgi iştirakçılarının diqqətinə çatdıraraq, layihənin aidiyyəti dövlət qurumlarına rəy üçün göndərildiyini, hazırda maraqlı tərəflərin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirildiyini vurğulayıb: “Eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmışdır” – sitatın sonu. AQTA sədri çıxışında həmçinin qeyd edib ki, idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin operativ həyata keçirilməsi məqsədilə Qazax rayonunun Gürcüstan Respublikası ilə sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılmış “Qırmızı körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsi lazımi bütün avadanlıqlarla təchiz edilib və fəaliyyətə başlayıb. “Son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi işlər aparılıb”, – deyən Q.Təhməzli əlavə edib ki, bu çərçivədə Azərbaycan 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad olma statusu qorunub saxlanılır. Agentlik sədri onu da bildirib ki, əldə edilən bütün bu nailiyyətlər, ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statusların əldə edilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Sitat: “Belə ki, Azərbaycan Respublikasından bir sıra ölkələrə, o cümlədən Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılıb. Akvakulturada yetişdirilən nərəkimilər cinsindən olan balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı üçün icazənin davamlılığı təmin edilmişdir”. Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qida təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş tədbirlərin icrası uğurla davam etdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq heyvan xəstəliklərindən azad zona ilə bağlı təsərrüfatlarda epizootoloji monitorinq və digər zəruri tədbirlər həyata keçirilib. “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Xatırladaq ki, “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri bu il 4 gün ərzində təşkil ediləcək.