"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça istehlakçılara təqdim olunub
11 Aprel 2023 12:54








"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça ictimai iaşə müəssisələri və satış şəbəkələrində istehlakçılara paylanır. Kitabçanın paylanması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin "Könüllü Qida Nəzarətçisi" proqramının könüllüləri tərəfindən həyata keçirilir.
Könüllülər "Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz"i sahibkarlıq subyektlərində istehlakçılara təqdim etməklə yanaşı, müvafiq maarifləndirmə işini də aparırlar. Məlumat verilir ki, hazırda 1 insan il ərzində orta hesabla 74 kq qida israf edir. Hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizi israf edilir ki, bu da 931 milyon ton ərzaq deməkdir. Qeyd olunan göstərici böyük görünsə də, hər bir insan fərdi tədbirlər görməklə və özündə yeni vərdişlər formalaşdırmaqla, ərzaq tullantılarının miqdarını azalda və ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verə bilər. Eyni zamanda bildirilir ki, kitabçada dünya üzrə israf edilən ərzağın miqdarı, ərzaq tullantılarını azaltmaq üçün hər bir fərdin əməl etməli olduğu tədbirlər, eləcə də mağazada qənaət edərək alış-veriş üsulları, evdə ərzaqla bağlı yerinə yetirilməsi vacib sayılan məsələlər və ərzaqların düzgün saxlanması barədə məlumat verilib.
Qeyd edək ki, "Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" insanları ərzaq tullantılarının mənfi təsirləri haqqında maarifləndirmək, onları ərzağı israf etməkdən çəkindirmək, istehlakçıları görəcəkləri fərdi tədbirlərlə ərzaq tullantıları ilə bağlı qlobal problemə töhfə verəcəyinə inandırmaq və israfçılığın azalmasına nail olmaq məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin iştirakı ilə hazırlanıb.
Oxşar xəbərlər

AQTA sədri “Rosselxoznadzor”un rəhbəri ilə görüşüb
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb. Görüş zamanı cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçıların sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub. Görüşdə AQTA ilə “Rosselxoznadzor” arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanıb. Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

AQTA-da Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Qida Təhlükəsizliyi Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra Dünya Bankı tərəfindən maliyyələşən yeni layihə çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə müzakirələr aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Dünyadakı epizootik vəziyyət nəzarətdə saxlanılır - VİDEOMƏLUMAT
AQTA biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Agentlik sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı məlumatları mütəmadi olaraq təqdim edəcək.
